Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində “Gimnastika hamı üçün” növü üzrə növbəti açıq məşğələ təşkil olunub.
Sahil Parkında məşğələyə qatılan uşaqlara bədii gimnastika və “Gimnastika hamı üçün” üzrə muxtar respublika yığma komandasının baş məşqçisi, İdman ustası Humay Qafarova tərəfindən ustad dərsi keçilib, məşq prosesi icra olunub. Məşğələni valideynlər və şəhər sakinləri də izləyib, bu növün incəliklərindən xəbərdar olmağa çalışıblar.
Məşğələlərin hava şəraitindən asılı olaraq hər həftənin şənbə günü (Saat 19:00-da) növbəli qrafiklə Sahil Parkı və Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, məşğələlərə hər kəs qoşula bilər. İnsanlar üçün əyləncə, sağlam həyat tərzi və dostluq fəlsəfəsinin təcəssümü olan “Gimnastika hamı üçün” ilə yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti